Azərbaycan kitabının növbəti uğuru

 

Minskdə keçirilən “Kitab sənəti” beynəlxalq müsabiqəsində ölkəmiz üç nominasiyada birincilik qazanıb

  

   MDB ölkələrinin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq beynəlxalq “Kitab sənəti” müsabiqəsi keçirilir. Bu il 10-cu, yubiley müsabiqəsi mayın 23-24-də Belarusun paytaxtı Minskdə gerçəkləşib. Ölkəmiz bir qayda olaraq müsabiqədə uğurla təmsil olunur. Bu il də kitablarımız yüksək yerlərə layiq görülüb.

   Dövlətlərarası Şuranın həmsədri, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu səfər təəssüratını bizimlə bölüşdü.

   Kitab sənəti” beynəlxalq müsabiqəsi yarandığı gündən ölkəmizin bu tədbirdə fəal iştirak etdiyini deyən sektor müdiri Azərbaycan kitablarının müxtəlif nominasiyalarda nailiyyət qazandığını bildirdi. Builki müsabiqəyə MDB ölkələrindən 7 nominasiya üzrə təxminən 150 adda kitab təqdim olunub: “Bu müsabiqədə uğurlarımız daim bol olub. Bu il də əliboş geri qayıtmadıq. Yubiley müsabiqəsində Azərbaycan kitabları 3 nominasiyada birincilik qazandı. Müqayisə üçün deyim ki, builki müsabiqədə kitab nəşrində böyük təcrübəsi olan Rusiya, eləcə də Moldova, Türkmənistan və Ermənistanın təqdim etdiyi nəşrlər heç bir nominasiyada qalib gələ bilmədi. Azərbaycanın isə üç kitabı qalib oldu”.

   Mükafata layiq görülən kitablara gəlincə, “Art kitab” nominasiyasında Nizami Gəncəvinin “Təhsil” nəşriyyatında nəşr olunanLirika” kitabı birincilik qazanıb: “Bu nominasiyada çox böyükolduqca nəfis kitablar təqdim edilmişdi, nəticədə bizim kitab birinci yerə layiq görüldü. Bu yüksək nəşr mədəniyyəti ilə fərqlənən bir nümunə idi. Həmin nominasiya üzrə ikinci yeri Belarus, üçüncü yeri isə Ukrayna kitabı tutdu”.

   Müsabiqənin “Mədəniyyət. Elm. Təhsil” nominasiyasında Ədalət Vəliyevin müasir teatrın strukturlaşma proseslərindən bəhs edən kitabı birinci yerə layiq görülüb. KitabLeyla Əfəndiyevanın nəşr evi”ndə çap olunub. “Mənim ölkəm” nominasiyasında isə şair Vaqif Bəhmənlinin “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Maqomayev planeti” kitabı birinci yeri qazanıb.

   Müsahibimiz qeyd etdi ki, hər il olduğu kimi, bu ilxüsusi diploma layiq görülən kitablarımız var. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxan “Ana” kitabı “Uşaq və gənclər üçün kitab” nominasiyasında xüsusi diplom qazanıb. Qran-pri nominasiyasında isə professor Misir Mərdanovun “Azərbaycan təhsilinin tarixidördcildliyi xüsusi diplomla təltif olunub.

   Sektor müdiri bildirdi ki, belə müsabiqələrdə qazanılan uğurlar kitablarımızın xaricdə müxtəlif dillərə tərcümə edilərək nəşr edilməsinə də şərait yaradır: “Mədəniyyət və Turizm Nazirliyi yarandığı gündən Azərbaycan naşirlərinin nəşr etdiyi kitablar dünya kitab prosesinə güclü inteqrasiya edib. Azərbaycan kitabının bu uğurları Azərbaycan dövlətinin kitab nəşri işinə verdiyi diqqət və dəstəyin göstəricisidir. Bu gün Azərbaycan dünyanın müxtəlif ölkələrində keçirilən kitab forumlarının, sərgilərinin, tədbirlərinin çox uğurlu iştirakçısıdır. Bu da istər ölkəmizdə kitab nəşrinin yüksəlməsi, istərsə də yerli naşirlərin xaricdəki həmkarları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradır. Eyni zamanda təcrübə mübadiləsi, birgə nəşr layihələrinin reallaşdırılmasına imkanlar açır”.

   Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Çingiz Əlioğlu, Faiq Hüsüyev, İlqar İsmayılov və Ülkər Əliyeva Minskdə “Gələcək naminə əməkdaşlıq: tarixi mədəni irs birlik faktı kimi” şüarı altında keçirilən VIII Belarus Beynəlxalq Media Forumunda da iştirak ediblər.

   10-cu “Kitab sənəti” müsabiqəsi mükafatlarının təqdimetmə mərasimi isə ənənəyə uyğun olaraq, sentyabr ayında Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcək.

  

   Nigar İxtiyarqızı

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 11.